Şriftin ölçüsü :

Saytın rəngi :

Bakı 2015 I Avropa Oyunları

BAKI 2015 I AVROPA OYUNLARI

Avropa Olimpiya Komitəsi Baş Assambleyasının 8 dekabr 2012-ci il tarixli Qərarı ilə 2015-ci ildə Birinci Avropa Olimpiya Oyunlarının keçirilməsi hüququ Azərbaycan Respublikasının paytaxtı  Bakı şəhərinə verildi. Bakı 2015 Birinci Avropa Oyunları Avropa Oyunları tarixdə ilk dəfə 12 iyundan 28 iyun tarixinə qədər Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində keçirildi.

2015-ci ildə Birinci Avropa Olimpiya Oyunlarını Bakı şəhərində layiqincə keçirilməsini təmin etmək məqsədilə Azərbaycan Respublikası Prezidentinin 17 yanvar 2013-cü il tarixli Fərmanı ilə Təşkilat Komitəsi yaradıldı, Təşkilat Komitəsinə Azərbaycan Respublikasının Birinci Xanımı, Azərbaycan Respublikası Milli Olimpiya Komitəsi İcraiyyə Komitəsinin üzvü, UNESKO-nun xoşməramlı səfiri Mehriban Əliyeva sədr təyin edildi.
Yarışlarda Avropanın 50 ölkəsinin 10 000 idmançısı mübarizə apardı. Yarışlarda Bakının 11, Mingəçevirin isə 1 idman qurğusundan istifadə olundu. 2015 Avropa Oyunlarının təqviminə 30 idman növü daxil edildi. Onlardan 24-ü Olimpiya, 6-sı isə qeyri-Olimpiya idman növüdür. Yarışlarda idmançılar 253 dəst medal uğrunda yarışdı.
Yarışlarda medal cədvəlində ilk sıranı Rusiya Federasiyasının idmançıları tutdu. Onlar Birinci Avropa Oyunlarında 79 qızıl, 40 gümüş və 45 bürünc, ümumilikdə 164 medal qazadı. İkinci sıranı isə ev sahibi Azərbaycan idmançıları tutdu. Yarışlara 289 idmançı ilə qatılan Azərbaycan 21 qızıl, 15 gümüş və 20 bürünc, ümumilikdə 56 medal qazandı. Avropanın 49 ölkəsindən 48-ni geridə qoyaraq qitə ikincisi olmaq doğrudan da böyük şərəfdir. Üçüncü sırada isə Böyük Britaniyada qərarlaşaraq 18 qızıl, 10 gümüş və 19 bürünc medal qazandı və Birinci Avropa Oyunlarını 47 medalla başa vurdu.
Birinci Avropa Oyunlarının aprelin 26-da qədim od məbədi olan “Atəşgah”da start götürən məşəli Azərbaycanın hər bir guşəsini gəzib-dolaşaraq 60 rayonun sakinlərinə bu Oyunların ruhunu çatdırıb. Avropa Oyunlarının yoluna işıq saçan məşəl bölgələrə və əfsanəvi Neft Daşlarına səyahətini başa çatdırdıqdan sonra iyunun 7-də paytaxt Bakıya gətirildi. Məşəli Bakının Dənizkənarı Milli Parkındakı “Sadko” limanında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev qəbul etdi.
Bakı 2015 Avropa Oyunlarının rəsmi simvolları Ceyran və Nar idi.
Avropa Oyunlarının təşkili üçün 15 000 könüllü səfərbər oldu.
Bakı 2015  Birinci Avropa Oyunlarının açılış mərasimi 12 iyun 2015-ci il tarixində Bakı Olimpiya Stadionunda baş tutdu. Mərasimdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım, “Bakı-2015” ilk Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva, Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki, oyunların açılış mərasimində iştirak etmək üçün Bakıya gəlmiş mötəbər qonaqlar arasında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Rusiya Prezidenti Vladimir Putin, Belarus Prezidenti Aleksandr Lukaşenko, Serbiya Prezidenti Tomislav Nikoliç, Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov, Tacikistan Prezidenti Emoməli Rəhmon, Monteneqro Prezidenti Filip Vuyanoviç, Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Mladen İvaniç, Monako Şahzadəsi II Albert, Lüksemburqun Böyük Hersoqu Anri, Gürcüstanın Baş naziri İrakli Qaribaşvili, Qazaxıstanın Baş naziri Kərim Məsimov, Rumıniyanın Baş naziri Viktor Ponta, Bolqarıstanın Baş naziri Boyko Borisov, Səudiyyə Ərəbistanı Krallığının şahzadəsi Abdullah Bin Musaad Bin Əbdüləziz, Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Bax, Milli Olimpiya Komitələri Assosiasiyasının prezidenti şeyx Əhməd əl-Fahad Əl-Sabah, ISESCO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tüveycri, eləcə də San-Marino, İsveçrə, Böyük Britaniya, Slovakiya, Çexiya, İran, Ukrayna, Oman, Küveyt, Qətər və digər ölkələrin yüksək səviyyəli rəsmi şəxsləri, tanınmış ictimai-siyasi xadimlər, dünya idman ictimaiyyətinin görkəmli nümayəndələri iştirak etdilər.
Avropa Oyunlarının məşəlini isə Bakı Olimpiya Stadionuna 2 qat Paralimpiya Çempionu, Qarabağ qazisi cüdoçu İlham Zəkiyev gətirdi.
Bakı Olimpiya Stadionuna toplaşmış 68 min tamaşaçı, eləcə də dünyada yüz milyonlarla televiziya tamaşaçısı unudulmaz tarixi anın şahidi oldular.
Mərasimin təşkilinə 28 ölkədən 300-dən çox yaradıcı heyət və 34 ölkədən 1000 nəfər mütəxəssis cəlb olunmuşdu.
Açılış mərasiminin bədii rəhbəri 2004-cü ildə Afina Olimpiya Oyunlarında mərasimlərin qurucusu kimi dünyada böyük şöhrət qazanan Dimitris Papaioannoudur. Musiqi rəhbəri Teodor Currentzis 2014-cü ildə “Operaların lentə alınması üzrə ECHO mükafatı” laureatıdır. Quruluşçu rəssamlar isə Thanassis və Eva memarlıq, dizayn və səhnə quruculuğunun kreativ məkanı olan “Flux Ofis” şirkətinin memar və yaradıcıları – Tanassis Demiris və Eva Manikadakidir. Onların memarlıq, teatr, opera, rəqs və kino sahəsindəki işləri Venesiya Memarlıq Biennalesi (2014), Venesiya Film Festivalı (Miss Violence, 2013) və digər beynəlxalq səviyyəli tədbirlərdə nümayiş etdirilib, mükafatlar qazanıb.
Bakı 2015  Birinci Avropa Oyunlarının bağlanış mərasimi 28 iyun 2015-ci il tarixində Bakı Olimpiya Stadionunda keçirildi. Mərasimdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, xanımı, “Bakı-2015” ilk Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva, Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki, Bolqarıstan Prezidenti Rosen Plevneliyevi və digər rəsmi şəxslər iştirak etdilər.
Mərasimin təşkilinə 28 ölkədən 300 nəfərdən çox yaradıcı heyət və 34 ölkədən müxtəlif sahələrdə ixtisaslaşmış minədək mütəxəssis cəlb olunub.
Bakı 17 gündə tarixdə ilk dəfə keçirilən Avropa Oyunlarına layiqincə ev sahibliyi etdi. Burada gördükləri yüksək təşkilatçılıq, xalqımızın səmimi qonaqpərvərliyi, mədəni dəyərləri minlərlə idmançını, nümayəndə heyətlərinin üzvlərini, bu Oyunları televiziya ekranlarından izləyən milyonlarla tamaşaçının qəlbini riqqətə gətirdi.
Azərbaycan orijinallığı ilə diqqəti cəlb edən, tamaşaçıları vəcdə gətirən bir mərasimlə Avropa Oyunlarının tarixə çevriləcək ilk parlaq səhifəsini yazdı.
İkinci Avropa Oyunları 21 oktyabr 2016-cı il tarixində Avropa Olimpiya Komitələrinin Belarusun paytaxtı Minskdəki 45-ci Baş Assambleyasında keçirilmiş iclasında verilmiş qərara əsasən 2019-cu ildə Belarusiyanın paytaxtı Minsk şəhərində keçiriləcək. www.baku2015.com

Açılış mərasimi
      Bağlanış mərasimi

Keçidlər