Şriftin ölçüsü :

Saytın rəngi :

Rəşad Təhməzov


line

Soyad: Təhməzov
Ad: Rəşad
Ata adı: Qərib
Doğum tarixi: 12.01.2002
Şəhid olub: 29.09.2020
Rütbə: əsgər
Təltifləri

«Vətən uğrunda» medalı«Cəsur döyüşçü» medalı«Suqovuşanın azad olunmasına görə» medalı

 

 

 

 

Qısa, amma şərəfli ömür yaşayıb şəhid olan oğullarımızdan biri də Rəşad Qəriboğlu Təhməzovdur. O, 2002-ci ilin yanvar ayının 12-də Qobustan rayonunda dünyaya gəlib.

2020-ci ilin yanvar ayının 12-də 18 yaşı tamam olan Rəşad elə həmin ayın 24-də həqiqi hərbi xidmətə yola düşüb. Goranboy rayonunda, N saylı hərbi hissədə xidmət keçən əsgər sonuncu dəfə sentyabrın 23-də ailəsi ilə telefon əlaqəsi yaradıb və ondan nigaran qalmamağı tövsiyə edib. “Bizi təlimə aparırlar, əgər mənim telefonuma zəng çatmasa nigaran qalmayın. İmkan olan kimi özüm sizə zəng edəcəm”, - deyib.

İgid əsgər sentyabrın 29-da Goranboy rayonu, Gülüstan kəndi istiqamətində hərbi əməliyyatlar zamanı digər növ partlayışlarla və qəlpələrlə törədilmiş zədələnmə nəticəsində həlak olub.

“Bircə o haqda məlumatımız var ki, Rəşadın yanında əsgər yoldaşları olub yaralananda, yarasını bağlayıb, üzünə su vurublar. Aparıblar hospitala, amma ora çatana kimi şəhid olub. Ciyərindən bir qəlpə yarası almışdı”, - atası Qərib dayı ürək yanğısı ilə övladından danışıb.

Güləbətin ana isə oğlunun şəhid xəbərini aldığı günü göz yaşları içərisində xatırlayıb.

“Həmin gün o qədər narahat oldum. Dedim bu dəqiqə öləcəm. Rəşada nə isə olub, hiss edirəm. Qonşular dedi, narahat olma heç nə yoxdur. Əsgərdir nə olasıdır ki. Mən müharibənin başladığından da xəbərsiz idim. Üç nəfər gəldi qapıya, dedilər, Qərib qəzaya düşüb, yığışın gedirik rayona. Mən ora çatana kimi bilmədim ki, Rəşad şəhid olub. Amma həyətdə dedim onlara ki, birdən Rəşada nəsə olar haa. Dedilər, narahat olma atası qəzaya düşüb. Kəndə çatanda gördüm balamdı şəhid olan”.

Bacısı Rəvanə Təhməzova deyir ki, təkcə qardaşını deyil, həm də dostunu, sirdaşını itirib: “Rəşad evin sonbeşiyi olduğundan onu anamızla bərabər biz də böyütmüşük. Ona görə də, onu övladım kimi də sevirdim. Şəhid bacısı olmaq o qədər qürurverici bir hissdir ki. Mən hər zaman şəhid Rəşadın adına, onun şəninə yaraşan bacı kimi davranmağa çalışacağam”.

Şəhid Təhməzov Rəşad Qərib oğlu ölümündən sonra “Vətən uğrunda”, "Suqovuşanın azad olunmasına görə" və ”Cəsur döyüşçü" medalları ilə təltif edilib.

 

Keçidlər